Bap-balaca boyu var... | "Nano SPEAR" PUA-sı Azərbaycan üçün maraq doğura bilər

      Bap-balaca boyu var...    | "Nano SPEAR" PUA-sı    Azərbaycan üçün maraq doğura bilər
  19 İyun 2023    Oxunub:6144
Bir neçə gün əvvəl İsrailin müdafiə sənayesi şirkətləri "Paris Airshow" sərgisində yeni silah sistemləri ilə yanaşı yeni "Nano SPEAR" PUA-sını da təqdim etdilər. Azərbaycan ictimaiyyətinə yaxşı tanış olan İsrailin "Elbit Systems" şirkətinin istehsal etdiyi "Nano SPEAR" təyyarə və digər uçan vasitələri zenit raketlərindən qorumaq üçün nəzərdə tutulur.
O, təyyarənin mövcud paylama sistemindən istifadə edən və işə salındıqdan sonra radarla idarə olunan düşmən raketlərini cəlb etmək üçün müstəqil fəaliyyət göstərən radiodalğalı hiylə vasitəsidir. Aktiv radiodalğalarda fəaliyyət göstərən bu PUA-lar konsept olaraq özütuşlanan, RLS başlıqla idarə olunan "hava-hava" və "yer-hava" raketlərinə qarşı əks tədbir vasitəsi kimi hazırlanıb. Miniatür PUA təkmil konstruksiyaya və müasir rəqəmsal idarəetmə sisteminə malikdir.

"Nano SPEAR" çox kiçik qurğular üçün nəzərdə tutulan "Mühafizə, Elektron Hücum və Kəşfiyyat" (SPEAR) məhsul ailəsinin bir üzvüdür. Şirkət orta ölçülü helikopterlərdə və PUA-larda quraşdırmaq üçün "Light SPEAR" vasitəsini də hazırlayıb. Hazırda isə “C-390” nəqliyyat təyyarəsi üçün aktiv özünümüdafiəni təmin edəcək "Advanced SPEAR ECM Pod" tipli qurğunun üzərində çalışır. "SPEAR" ailəsinə daxil olan qurğular modul tipli rəqəmsal həyəcanlandırıcılar da daxil olmaqla bir neçə qabaqcıl avadanlıqlara əsaslanaraq istehsal edilirlər.

İmkanları

"Nano SPEAR" PUA-sı təyyarənin mövcud radioelektron mübarizə (REM) sistemini tamamlayır, onunla koordinasiyada işləyir. REM sistemi aktiv olmadıqda müstəqil fəaliyyət göstərə bilir. 800 qramdan az çəkisi olan bu ultraağıllı və radiodalğalı hiylə vasitəsi vəzifələri uğurla yerinə yetirmək üçün platformanın özünümüdafiə imkanlarını və ekipajın mürəkkəb mühitdə sağ qalma qabiliyyətini artırır.

Konstruksiyası

"Nano SPEAR" PUA-sı qabaqcıl rəqəmsal qəbulediciyə, DRFM (rəqəmsal radiodalğa modulu) və mürəkkəb texnologiyalı REM generatoruna malikdir. Bu qabaqcıl texnologiyalar PUA-ya radar təhlükələrini idarə etməyə imkan verir. "Nano SPEAR" standart CMDS (Şüa Əks Olunmasının Ölçmə Sistemi) vasitəsilə işə salınır, köhnə və yeni platformalar üçün effektiv qorunmanı təmin edir.


Perspektivləri

"Elbit Systems ISTAR & EW" şirkətinin məhsulu olan "Nano SPEAR" PUA-sı perspektiv platforma sayılır. PUA-nın müştərilərə istifadə etdikləri hava platformasının və təyyarə heyətinin təhlükəsizliyini artırmaq üçün gələcəkdə daha yüksək səviyyəli müdafiə imkanlarını təqdim edəcəyi gözlənilir.

İstehsalçı

"Elbit Systems Ltd." bütün dünyada geniş spektrli müdafiə, daxili təhlükəsizlik və kommersiya proqramları ilə məşğul olan beynəlxalq yüksək texnologiya şirkətidir. Şirkət hərtərəfli qorunma və missiyanın uğurunu təmin edən ən qabaqcıl, təkmil və sərfəli həlləri təmin etmək üçün araşdırma layihələrinə böyük sərmayə qoymaqda davam edir.

"Elbit Systems" və onun törəmə şirkətləri aerokosmik, quru və dəniz sistemləri, komanda, idarəetmə, rabitə, kəşfiyyat və müşahidə (“C4ISR”), pilotsuz sistemlər, qabaqcıl elektro-optika, elektron-optik kosmik sistemlər, REM paketləri, siqnal kəşfiyyat sistemləri, məlumat bağlantıları və rabitə sistemləri, radiostansiyalar, kiber əsaslı sistemlər və döyüş sursatları istehsal edir.

Şirkət həmçinin mövcud platformaların təkmilləşdirilməsinə, müdafiə, daxili təhlükəsizlik və kommersiya tətbiqləri üçün yeni texnologiyaların işlənib hazırlanmasına, təlim və simulyasiya sistemləri daxil olmaqla bir sıra dəstək xidmətlərinin göstərilməsinə böyük diqqət yetirir.

Nəticə

Azərbaycanın uzun illər ərzində İsrail ilə müdafiə sənayesi sahəsində inkişaf edən münasibətlərini, xüsusilə də "Elbit Systems" şirkəti ilə yaxından əməkdaşlığını, bu şirkətin istehsal etdiyi "HERMES 450", "HERMES 900" və "SkyStriker" pilotsuz uçuş aparatlarından,155 mm-lik ATMOS 2000 özüyeriyən artilleriya qurğusundan, 120 mm-lik “Spear Mk2” minaatanlarından, "Tadiran" ailəsinin müxtəlif hərbi təyinatlı radiostansiyalarından, lazer tuşlama vasitələrindən və çoxinterfeysli İP/TDM radiorele stansiyalarından silahlanmasında istifadə etdiyini və döyüş əməliyyatlarında uğurla tətbiq etdiyini nəzərə alsaq, "Nano SPEAR" PUA-sının da Azərbaycan HHQ üçün maraq doğura biləcəyini ehtimal edə bilərik.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: PUA   Silah   İsrail  





Xəbər lenti